Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu biomüxtəlifliyin genetik ehtiyatlarının toplanması, mühafizəsi və səmərəli istifadə olunması üzrə ardıcıl və məqsədyönlü tədqiqatların aparılması, müvafiq ölkə şəbəkəsinin yaradılması və idarə olunmasını təmin etmək məqsədilə Genetika və Seleksiya İnstitutunun bazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2003-cü ilin əvvəllərində təşkil edilmişdir.
İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi, ex situ və in situ şəraitində mühafizəsi ilə bağlı elmi problemlərin araşdırılması və mühafizə işinin təşkili, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə elmi tədqiqatların aparılmasından və müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
“Mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununa (2011) və həmin qanunun icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına (№ 259, 2012) uyğun olaraq, AR ETN Genetik Ehtiyatlar İnstitutu (GEİ) müvafiq sahədə Milli Əlaqələndirici İnstitut elan edilmiş, onun nəzdindəki bitki genbankı isə Milli Genbank elan edilməklə ona qorunan ərazi statusu verilmişdir. Həmçinin qeyd edilən qanuna əsasən institutda Azərbaycanın bitki genetik ehtiyatlarının Mərkəzi Məlumat Bazası fəaliyyət göstərir.